Hz. Süleyman yaşadığı dövrdə Allahın lütfü və nemətləri sayəsində əsrlər sonra belə insanlarda heyranlıq oyadan böyük bir hökmranlığa sahib idi. Hz. Süleyman cinlərdən və insanlardan ibarət ordusu ilə çox güclü hakimiyyət əldə etmişdi. Hz. Süleymanın sarayı isə dövrün ən inkişaf etmiş texnikasından istifadə edilərək yüksək estetik zövqlə tikilmişdi. Səba hökmdarı Bəlqis isə Hz. Süleymanın hökmranlığı dövründə yaşayan başqa bir ölkənin hökmdarıdır. Quranda Hz. Süleyman ilə Səba hökmdarı Bəlqis arasında iki ölkənin siyasi və iqtisadi əlaqələri haqqında gedən bəzi dialoqlar yer almışdır. Şübhəsiz ki, bütün bu məlumatlar iman edənlər üçün bir çox hikmət və öyüd ehtiva edir. Allah Quranda Hz. Süleymanın ordusunda olan Hüdhüdün Səba hökmdarı haqqında əhəmiyyətli məlumatlar verdiyini bildirir:
“Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.(Şeytan ona görə belə etmişdir) ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər.” (Nəml Surəsi, 22-25)
Hüdhüd əvvəlcə Hz. Süleymana Səba hökmdarının bəzi əhəmiyyətli xüsusiyyətlərini təsnif etmişdir. Bəlqisin Səbaya hökm etdiyini, özünə hər şeydən bol-bol verildiyini və taxtının böyüklüyünü dilə gətirərək, onun hökmranlığının və dövlətinin gücünə diqqət çəkmişdir. Hz. Süleyman Hüdhüddən aldığı məlumatlar əsasında Səba hökmdarını Allaha iman etməyə və özünə təslim olmağa dəvət edən bir məktub göndərmişdir. Səba Məlikəsi bu məktubun əhəmiyyətini dərhal qavramış və buna görə də bu mövzunu yaxin adamları ilə müşavirə etmişdir. Allah Quranda bu mövzunu belə bildirmişdir:
(Qadın) dedi: “Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı. O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə! Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin!” (Qadın) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm”. (Nəml Surəsi, 29-32)
Bundan əlavə köməkçilərinin “Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!” (Nəml Surəsi, 33)şəklində cavab vermələri də, onun qövmü üzərində güclü bir rəhbər olduğunu göstərir. Köməkçilərinin “Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.” (Nəml Surəsi, 34)şəklindəki xəbərdarlıqlarını diqqətə almış və “Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar.” (Nəml Surəsi, 35)deyərək təmkinli davranmışdır. Göndərəcəyi hədiyyə ilə əvvəlcə Hz. Süleymanın məqsədini öyrənmək istəmişdir. Ancaq Hz. Süleyman Səba hökmdarının niyyətini anlayaraq hədiyyəsini geri qaytarmış və ona belə xəbər göndərmişdir:
Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!” (Nəml Surəsi, 37)
Hz. Süleyman bu xəbərdarlığı ilə Səba hökmdarına ordularının gücünü xatırlatmış və onu bir daha təslim olmağa dəvət etmişdir. Bundan əlavə, ordusunun qabaqcıllarından Səba ölkəsinin hökmranlığının ifadəsi olan Səba hökmdarının taxtını sarayına gətirmələrini istəmişdir. Cinlərdən biri bir göz qırpımında taxtı gətirdikdən sonra Hz. Süleyman taxtda bəzi dəyişikliklər etmişdir. Səba hökmdarı gəldikdə taxtın ona aid olub-olmadığını soruşmuşdur:
“Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!” Allahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi. (Nəml Surəsi, 42-43)
Səba hökmdarı Günəşə sitayiş edən bir qövmdə yaşamasına baxmayaraq, Hz. Süleymanın səmimi üslubla yazdığı məktubundan, ağıllı hərəkətlərindən, güclü hakimiyyətindən və möhtəşəm sarayından çox təsirlənmiş, və bütün bunlar onun iman edib Müsəlman olmağına vəsilə olmuşdur. Quranda Səba hökmdarının Allaha təslim olduğu belə ifadə olunur:
“Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml Surəsi, 44)
Allahın Quranda Səba hökmdarı haqqında bildirdiyi bütün bu məlumatlarda hikmət gözü ilə baxanlar üçün bir çox öyüd və hikmət vardır. Səba hökmdarının ağılla düşünməsi, doğru olanı daha asan görməsini və səmimi hərəkət etməsini təmin etmişdir. Bundan əlavə? haqqı gördüyündə əvvəllər çox fərqli inanca sahib olmağına baxmayaraq heç tərəddüd etmədən Allaha təslim olub iman etməsi də nümunəvi hərəkətdir.