MÜSƏLMAN QADIN ALLAHA TƏSLİM OLMUŞDUR

Müsəlman qadın Allaha səmimi qəlblə iman etmiş və dərin Allah qorxusu ilə boyun əymişdir. Allahdan başqa bir İlah olmadığını, Onun bütün varlıqların yeganə hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də, sadəcə Allahdan qorxar və yalnız Onun razılığını axtarar. Yalnız Allaha ibadət edər, ONU dost bilər və yalnız Ondan kömək diləyər. Hər hansı bir xeyirlə üzləşsə, bunu ona ancaq Allahın verə biləcəyini və eyni şəkildə ona dəyən zərər varsa, bunun qarşısını da Allahın ala biləcəyini, onu ancaq Allahın qoruya biləcəyini bilərək yaşayar.
Yalnız Allaha möhtac olduğunu, onu həyatda yaşadan, ona nemətini və köməyini çatdıran, qoruyan, yeganə gücün Allah olduğunu bilər. Buna görə də insanlardan heç nə ummaz. Allaha heç bir şəkk-şübhə duymadan iman etmişdir. İmanındakı bu səmimiyyətini həyatının sonuna qədər, hər an davam etdirər, həyatının hər mərhələsində, nə çətinliklə qarşılaşırsa-qarşılaşsın, Allaha olan bu səmimi imanından imtina etməz. Nemət içində olduğunda Allaha qarşı necə şükür edici, məmnuniyyət dolu bir yaxınlıq içərisindədirsə, şərtlər əksinə olduqda da eyni təslimiyyəti göstərməyə davam edər.
Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən, əsirgəməsindən və əfvedici olduğundan əmin, təvəkküllü əxlaqa sahib olar. Bir çətinliklə qarşılaşdığında Allahın Quranda hər çətinliklə birlikdə bir asanlıq gətirəcəyini bildirdiyini, vacib olanın isə bu çətinlik anında insanın Allaha olan sevgisində, təslimiyyətində və etibarında səbir göstərməli olduğunu bilər. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allahın vədindən əsla dönməyəcəyini bilər. Qarşılaşdığı çətinliklər uzun müddət davam etsə belə, heç vaxt ümidsizliyə qapılmaz, Allahın köməyindən əsla şübhəyə düşməz. Gözəl bir səbir və təslimiyyətlə, Allahın ona verdiyi ilə kifayətlənər və bunda özü üçün bir xeyir olduğunu bilər. Allahın bu mövzuda Quranda bildirdiyi nümunələri unutmaz, çətinliklərlə qarşılaşdıqları zaman ümidsizliyə qapılanların təslimiyyətsizliyini bilər. Nə çətinlik olursa-olsun, "... Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək"(Şuəra Surəsi, 62)deyərək Allaha təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürər. Həyatı boyu qarşısına çıxan hər hadisədə Allahın rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görən bir iman dərinliyi içərisində olar.
Mömin qadınların göstərdikləri bu əxlaqın üstünlüyü cahiliyyə inancları ilə formalaşan qadın xarakteri ilə müqayisə edildiyində kəskin şəkildə ortaya çıxır. Cahiliyyə əxlaqını mənimsəyən qadınlar həyatları boyu qarşılaşdıqları hər incəliyi  yaradanın Allah olduğunu və bunların hər birində bir çox xeyir və hikmət gizləndiyini düşünmədikləri üçün yaşadıqları hadisələr qarşısında lazım olan təslimiyyəti göstərə bilməzlər.
Belə ki, cahil qadın xarakterinin ən çox yayılan xüsusiyyətlərindən biri, çətinliklər qarşısında göstərilən dözümsüz, səbirsiz, ortalığı təlaşa salan, qarışıqlıq meydana gətirən hərəkətlərdir. Hətta bu səbəblə çox vaxt insanlar özlərinə yük olmamaları üçün qadınları çətinliklə qarşılaşma ehtimalı olan mühitlərdən uzaq tutmağa böyük diqqət göstərirlər. Cahil qadın xarakterinin bu xüsusiyyəti bu günə qədər bir çox film, ya da roman mövzusu olmuşdur. Allaha güvənib təslim olmadıqları üçün çətinliklərə qarşı göstərilən səbri və gücü özlərində tapa bilməzlər. Gücləri ancaq bu çətinliyə dözməyin sonunda əldə edə biləcəkləri mənfəətlərin böyüklüyü qədərdir. İman edən bir qadın isə gücünü imanından və Allahın razılığını qazanma mövzusundakı qətiyyətindən aldığı üçün dözümü çox qüvvətli olar. Allah Quranda möminlərin bu əxlaqını “...Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.” (Ənam Surəsi, 71)sözləri ilə dilə gətirdiklərini bildirir. Bunun əvəzində Allah tam təslimiyyətlə Ona təslim olan qullarını belə müjdələyir:
 
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman Surəsi, 22)
 
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.(Bəqərə Surəsi, 112)
2010-08-08 16:37:41
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top