Allah, insanlara həyatları boyu ehtiyacı olacaq hər mövzuda bütün zəruri məlumatları Quranda açıqlamışdır. Dünya həyatının həqiqətlərini, insanların yaradılış məqsədlərini, gözəl həyat yaşaya bilmələrinin sirlərini, insan fitrətinə ən uyğun olan əxlaq anlayışını insanlara bildirmişdir. Allahın bildirdiyi bu həqiqətlərə iman edib, həyatlarını bu cür istiqamətləndirən insanlar, dünyada və axirətdə həqiqi xoşbəxtliyi əldə etmiş olar.
Cahil cəmiyyətlərdə isə insanların həyatlarını istiqamətləndirən, mütləq doğru olduğundan əmin ola biləcəkləri bir güc yoxdur. Əksinə əməl etdikləri qaydaların böyük əksəriyyətinin, nə vaxt, kim tərəfindən və nəyə əsasən qoyulduğu da bilinmir. Bu adı qoyulmayan, amma bütün cahiliyyə insanlarının illərdən bəri əməl etdikləri qaydalar, dədə-babadan qalan bir ənənə olaraq yaşanır. Cahil insanların həyat məqsədi, idealları, dəyər mühakimələri, qısacası cəmiyyəti nizamlayan bütün qaydalar bu anlayış ilə yaradılır. Cəmiyyətdəki hər fərdin, mövqeyinə, ictimai statusuna, cinsiyyətinə, inanclarına və həyat tərzinə görə əvvəldən təyin olunmuş yeri vardır.
Qadının cəmiyyətdəki yeri də, insanların böyük əksəriyyətinin təsiri altında qaldığı bu sabit dünyagörüşləri və dəyər mühakimələri istiqamətində təyin olunmuşdur. Bəzi cəmiyyətlərdə qadının, fiziki baxımdan kişidən daha gücsüz olması səbəbindən, ruhən də onlardan daha zəif olduğuna dair yanlış bir inanc hakimdir. Qadının şəxsiyyəti, əxlaqi xüsusiyyətləri və qabiliyyətlərinin, fiziki quruluşu ilə mütənasib olaraq daha məhdud olduğu hesab edilir. Məsələn, cəmiyyətdə "kişi işi" və ya "qadın işi" deyə fərqləndirilən mövzular vardır. Əlbəttə ki, fiziki baxımdan qadının edə biləcəyi işlərlə kişinin edə biləcəyi işlər bir-birindən fərqlidir. Ancaq Cahil cəmiyyətlərdəki bu ayrı-seçkilik, qadının ağıl və bacarıq cəhətdən də daha gücsüz olduğuna inanılan fikirdən qaynaqlanır.
Müasir dövrdə qadınlar bir çox sahədəki məlumat və bacarıqlarıyla bu fikrin etibarsızlığını ortaya qoymaqdadırlar. Ancaq yenə də, cəmiyyətin bir qismində qadının müəyyən işləri edə bilməyəcəyi ya da, kişinin bu işləri daha tez və ağıllı şəkildə həll edə biləcəyinə dair bir inanc hakimdir.
Qabiliyyətdən başqa, bir çox insanlarda şəxsiyyət baxımından da qadının kişidən daha zəif olduğuna dair inanc mövcuddur. Məsələn, kişinin soyuqqanlılıqla qarşıladığı hadisə qarşısında, qadının özünü itirməsi və ya kişinin iradəli olduğu bir çətinlik qarşısında, qadının iradəsiz və gücsüz davranması cahil cəmiyyətlərdə çoxları tərəfindən adi davranış olaraq qəbul edilir. Bu, uşaqlıq illərindən etibarən verilən təhsil ilə qız uşaqlarına da təlqin edilir. Oğlan uşaqlarını mümkün qədər güclü xarakterə sahib olacaq şəkildə tərbiyə edən ailələr, qız uşaqlarına da tam əksini təlqin edirlər. Hər hansı bir çətinliklə qarşılaşdıqlarında oğlan uşaqlarına 'kişilər ağlamaz, kişi ol, cəsur ol' deyər, əksinə davrandıqda da, bu vəziyyəti onlara 'qız kimi qorxaqlıq etmə', 'qız kimi ağlayırsan', 'qız kimi ürkək davranırsan' kimi sözlərlə izah etməyə çalışırlar. Həmçinin qız uşaqlarını tərbiyə edərkən də onlara tez-tez kişilərdən fərqli olduqları, davranışlarını bu istiqamətdə tənzimləmələri lazım olduğunu təlqin edirlər.
Cahil əxlaqın yaşandığı cəmiyyət içərisindəki qadının bütün vəzifə və məsuliyyətləri bu dünyagörüşü istiqamətində, yalnız müəyyən mövzularla məhdudlaşdırılmışdır. Müasir cəmiyyətimizin böyük bir qismində qadının bir çox sahədə kişiyə görə daha geridə olması, bu sabit qiymətləndirmənin bir nəticəsidir.
Qadınlara aid bu yanlış dünyagörüşü, tarixin fərqli dövrlərində də müxtəlif şəkillərdə ortaya çıxmışdır. Xüsusilə keçmişdə, cahiliyyə inanclarını mənimsəmiş cəmiyyətlərdə bu düşüncə son dərəcə yanlış tətbiqlərə gətirib çıxarmışdır. Allah Quranda bu cəmiyyətlərdə, insanların qız uşaqlarını dəyərsiz görərək doğulan kimi, diri-diri torpağa basdırdıqlarını bildirməkdədir:
"Diri-diri torpağa gömülən körpə qızdan soruşulduğu zaman: "Axı hansı günaha görə öldürüldü?" (Təkvir Surəsi, 8-9)
Başqa ayələrdə isə Allah,
"Onlardan birinə qızı olması ilə müjdə verildikdə qəzəblənib üzü qapqara olar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Görəsən onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb, qızları Allaha isnad edirlər )" (Nəhl Surəsi, 58-59)
sözlərilə, qız uşağı olacağını öyrənən kəslərin qəzəbləndiyini, buna görə ətraflarındakı insanlardan utanıb gizləndiklərini bildirməkdədir. Allah həmçinin bu şəxslərin qız uşaqlarını "bər-bəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən " olaraq qiymətləndirdiklərinə də diqqət çəkir:
"Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən boğularaq üzləri qap-qara qaralar. Onlar bər-bəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər" (Zuxruf Surəsi, 17-18)
Allah, İslam əxlaqından xəbərsiz olan bu cəmiyyətlərə göndərdiyi peyğəmbərləri və endirdiyi haqq kitabları ilə, qız uşaqlarına qarşı olan bu dünyagörüşünün yanlış olduğunu bildirmişdir. Peyğəmbərlərin təbliği və İslam əxlaqının insanlar tərəfindən öyrənilməsi ilə birlikdə, qız uşaqlarını bir utanc səbəbi olaraq görmə düşüncəsi və cahil cəmiyyətlərdə mövcud olan bu tətbiqin qarşısı alınır.
Allah Quranın
"Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən-həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir."(Şura Surəsi, 49-50)
ayələrilə, insanlara verilən hər cür neməti onlara verənin Allah olduğunu xatırlatmaqdadır. Oğlan kimi qız uşağı da, Allahın insanlara lütf olaraq verdiyi bir nemətdir. İnsanın məsuliyyəti isə Allahın nemətinə qarşı nankorluq etmədən ən gözəl şəkildə şükr edə bilməkdir.
Göründüyü kimi, tarixin müxtəlif dövrlərinə qadınlar haqqında fərqli şəkillərdə ortaya çıxan yanlış dünyagörüşü hakim olmuşdur. Ancaq burada gözardı edilməməsi lazım olan əhəmiyyətli həqiqət də vardır. Cahil cəmiyyətlərdəki qadın xarakteri, bu dünyagörüşünü bir mənada dəstəkləməkdə və təsdiqləməkdədir. Cahiliyyə əxlaqına sahib bəzi qadınlar, istər xarakter, istərsə də mənimsədikləri əxlaq anlayışı ilə özləri haqqındakı bu sabit dünyagörüşünün yanlış olmadığını ortaya qoymaqdadırlar.
Halbuki əslində istər qadın olsun, istər kişi olsun möminlər, iti ağla, dərin qavrayış qabiliyyətinə, güclü şəxsiyyətə sahib ola bilən, üstün əxlaq nümayiş etdirən şəxslərdir. Allahın Quranda nümunə göstərdiyi Hz. Məryəm və Fironun xanımı, qadınların ən gözəl nümunələrindəndir. Ancaq bəzi qadınların din əxlaqından uzaq bir həyatı mənimsəyərək cahiliyyə qaydalarına görə yaşamaları, onların bu üstün tərəflərinin korlanmasına səbəb olmaqdadır.