AİLƏ HƏYATINDA QADINA VERİLƏN DƏYƏR

İnsanların dünyəvi dəyərlərə əsaslanaraq qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu cür vəziyyətə tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində quranda və bu dəyərlərdə hər hansı bir dəyişiklik baş verəndə hisslərini dərhal dəyişirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, var-dövlət, sağlamlıq, mövqe və ya etibar kimi meyarlara əsaslananda bu nəticə demək olar ki, qaçınılmaz olur. Əgər insanın sevgisi qarşısındakı insanın yalnız gözəlliyinə əsaslanırsa, o, bir müddət sonra gəncliyini, sağlamlığını, gözəlliyini itirəndə sevgi, hörmət və sədaqət də yox olacaq. Həmçinin var-dövlət və ya mövqe kimi dəyərlər də asanlıqla itirilən xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan bunları itirəndə qarşısındakı adamı sevmək və ona hörmət etmək üçün  heç bir səbəb tapa bilməyəcək.


İman, Allah qorxusu və gözəl əxlaq sevgini, hörməti və sədaqəti daimi edir. Bir insanı imanı və əxlaqı üçün sevən şəxs ailə həyatında da qarşısındakı adama hörmət edəcək, ona sadiq və gözəl əxlaqlı olacaq. Nə gəncliyini, sağlamlığını gözəlliyini itirməsi, nə də var-dəvlətini itirməsi həmin insanın sevgisinə və qarşı tərəfə verdiyi dəyərə təsir edə bilməyəcək. İmanı və Allah qorxusu olduğundan heç vaxt pis davranmayacaq. Quran əxlaqına uyğun olaraq həmişə şəfqətli, mərhəmətli, ədalətli və xoşniyyətli olacaq, Allah qarşısında  məsuliyyət  daşıdığını unutmayacaq. Allah Quranda ailədə qadın və kişinin bir-birlərinə qarşı olan məsuliyyətlərini “… Onlar sizin, siz də onların libasısınız …” (Bəqərə surəsi, 187) ayəsində bildirir. Allah bu ayədə insanlara qadın və kişinin ailə həyatında bərabərhüquqlu olduqlarını da xatırladır. Allah ayədəki “libas” ifadəsi ilə tərəflərin bir-birlərini qorumasını buyurur. Bu ayədə qadın və kişinin bir-birlərini tamamlayan xüsusiyyətlərinə də diqqət yetirilir.


Başqa bir ayədə də “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum surəsi, 21) ifadəsi ilə ailədə “sevgi və mərhəmət” anlayışlarının əhəmiyyətinə diqqət cəlb edilir. İman gətirənlər ailədə bir-birlərini Allahın onlara verdiyi bir nemət və əmanət kimi qəbul edir, buna görə də bir-birlərinə böyük dəyər verirlər. Hər cür çətinlik, ya da səhv qarşısında sevgini və mərhəməti əsas götürərək hərəkət edirlər. Qurana uyğun davransalar, hər çətinliyin öhdəsindən gələcəklərini və qarşılaşdıqları problemləri həll edəcəklərini bilirlər. Bu da, Allahın ayədə ifadə etdiyi kimi, evliliyin mömin qadın və mömin kişi üçün bir-birlərində “dinclik və rahatlıq tapmalarını” təmin edən bir nemətə çevrilməsinə səbəb olur.


 Allah Quranın “… bir-birinizlə yaxınlıq etmişdiniz…” (Nisa surəsi, 21) ayəsində evliliyin təmin etdiyi səmimiyyətə və yaxınlığa da diqqət yetirmişdir. İman gətirənlərin evlilikdəki səmimiyyətlərini, yaxınlıqlarını və bir-birlərini qiymətləndirməsinin səbəbi bu şəxslərin axirətdə də sonsuza qədər davam edəcək bərabərliyi qarşılarına məqsəd qoymalarıdır. Əsl sədaqət bu düşüncəni tələb edir. Aralarında mənfəətə əsaslanan müvəqqəti sevgi olmadığı üçün və qarşılarına axirətdə sonsuza qədər birlikdə olmağı məqsəd qoyduqları üçün bir-birlərinə qarşı çox sadiq, yaxın və səmimi olurlar.


Göründüyü kimi, Quran əxlaqı əsas götürüldüyündən hər iki tərəf Allahdan qorxduqları, vicdanlı olduqları üçün daim gözəl bərabərlik şəraitində yaşayırlar. Bu cür sədaqət, vəfa, hörmət, sevgi, səmimiyyət, xoşniyyət kimi vacib əxlaq xüsusiyyətlərinin nəticəsində ailə daimi və sabit olur. Bu xüsusiyyətlərdən məhrum olan insanların evlilikləri isə qısa müddətli olur.


Buna görə də, İslam əxlaqında ailəli olmaq qadın üçün böyük rahatlıqdır. Sevgini, hörməti, sədaqət və vəfa hisslərini ən gözəl şəkildə yaşadığı bərabərlikdir. Qarşısındakı insandan həmişə hörmət, sevgi və qayğı görür. Mübahisə, mənfəət mübarizəsi, üstünlük axtarışı, qürur, yalan kimi pis əxlaq xüsusiyyətlərinin olmaması qadının ailədə, Allahın ayədə bildirdiyi kimi, “dinclik və rahatlıq tapmasını” təmin edir.


Peyğəmbərimiz (s.ə.v.) öz həyatı ilə bu mövzuda bütün möminlər üçün nümunə olmuşdur. Allah “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab surəsi, 21) ayəsində buna diqqət yetirmişdir. Peyğəmbərimiz bir çox sözündə mömin qadınların nə qədər dəyərli olduqlarını ifadə etmişdir. Bu sözlərindən birində: “Dünya müvəqqəti bərbəzəkdir. Dünya bərbəzəyinin ən xeyirlisi isə salehə qadındır” şəklində buyurmuşdur.


Başqa bir hədisdə isə ailədə qadına qayğı göstərilməsinin vacib olduğunu: “Ən yetkin imana sahib olan mömin xasiyyəti ailəsinə qarşı ən nəzakətli, lütfkar olandır” sözləri ilə ifadə etmişdir. Bundan başqa, Peyğəmbərimizin (s.ə.v.) göstərdiyi gözəl əxlaq bu sahədə bütün müsəlmanlar üçün gözəl nümunə olmuşdur. O, bir hədisində evlilikdə qadınlara qarşı göstəriləcək gözəl əxlaqın əhəmiyyətini belə xatırlatmışdır: “Ən xeyirliniz, xanımlarına qarşı ən xeyirli olanınızdır. Mən xanımlarına qarşı sizdən ən yaxşı olanam”.


Bundan başqa, Peyğəmbərimiz (s.ə.v.) Vida xütbəsində: “Qadınlar sizə Allahın bir əmanətidir“ şəklində buyuraraq, qadınlara qarşı necə münasibət göstəriləcəyini bir daha vurğulamışdır.


Bütün həyatında olduğu kimi, ailə həyatında da iman gətirənlər üçün gözəl nümunə olan Peyğəmbərimiz (s.ə.v.) xanımlarına qarşı daima şəfqət, mərhəmət və gözəlliklə davranmışdır. Hz. Aişədən (ə.s.) rəvayət edilmişdir: Peyğəmbərimiz “Xanımlarına qarşı insanların ən mülayimi, ən gülərüzlüsü idi”.
 

2010-08-04 18:26:02
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top