Quranın bənzərsiz üslubu və ehtiva etdiyi üstün hikmət, onun aləmlərin Rəbbi olan Allahın sözü olmasını bir daha təsdiq edir. Bununla yanaşı, Quranın Allah qatından göndərildiyini isbat edən bir çox möcüzəvi cəhətlər vardır. Bu cəhətlərdən biri, 20-ci əsr texnologiyası ilə aydınlaşdırılan bəzi elmi həqiqətlərin, 1400 il əvvəl Quranda xəbər verilməsidir. Quranın elmi möcüzələrini başa düşmək üçün, ilk növbədə bu ilahi kitabın göndərildiyi dövrdəki insanların elm səviyyəsinə bir nəzər salmaq lazımdır. Quranın göndərildiyi 7-ci əsrdə, ərəblər elmi məsələlərlə bağlı saysız xurafata və batil inanca sahib idi. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər, nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. İnsanların astronomiya, fizika ya da biologiya haqqında çox az şey bildikləri belə bir dövrdə göndərilən Quran, kainatın yaradılışından insanın meydana gəlməsinə, atmosferin quruluşundan, yer üzündəki tarazlıqlara qədər bir çox mövzuda əsas məlumatlar əhatə etməkdə idi.
Əlbəttə ki Quran sırf elm kitabı deyil. Lakin müxtəlif ayələrində, son dərəcə dolğun və hikmətli üsulla qeyd edilən bəzi elmi həqiqətlər, yalnız 20-ci əsr texnologiyası ilə kəşf edilib. Quranın göndərildiyi dövrdə elmi izahı mümkün olmayan bu məlumatlar, Quranın Allah sözü olduğunu insanlara bir daha sübut edir.
Sümüklərin əzələ ilə örtülməsi haqqında Quran ayələrində xəbər verilən elmi həqiqətlərdən biri də, insanın ana bətnindəki əmələ gəlmə mərhələsidir. Ayələrdə, ana bətnində əvvəl sümüklərin əmələ gəlməsi, daha sonra isə əzələlərinin yaranaraq bu sümükləri örtməsi, sarıması xəbər verilir:
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur! (Muminun Surəsi, 14)

Ana bətnindəki inkişafı araşdıran elm sahəsi embriologiyadır. Embriologiya elmi isə yaxın zamana qədər belə hesab edirdi ki, ana bətnindəki dölün sümükləri ilə əzələləri eyni vaxtda əmələ gələrək paralel şəkildə inkişaf edir. Buna görə bəzi adamlar uzun bir müddət bu ayələrin elmlə uyğun olmadığını iddia ediblər. Ancaq inkişaf etmiş texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar, Quranda bildirilənlərin hamısının nöqsansız bir şəkildə doğru olduğunu ortaya qoydu.
Bu mikroskopik araşdırmalar da göstərir ki, ana bətnindəki inkişaf prosesi, məhz ayələrdə izah edildiyi şəkildə bir inkişafla həyata keçir. Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və bu sümükləri əhatə edir.
Bu proses, “Developing Human” yəni (İnkişaf edən İnsan) adlı elmi bir jurnalda belə izah edilir: “6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə, körpücük sümüyündə ortaya çıxar. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayar. Sümüklər meydana gəlməyə davam edəndə əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır.” Qısası insanın Quranda təsvir edilən əmələ gəlmə mərhələləri, müasir embriologiyanın kəşfləri ilə tam bir uyğunluq və harmoniya təşkil edir.